Şirvanda Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının 31 illiyinə həsr olunmuş tədbir keçirilib.
18 iyul 2024-cü il tarixində Şirvan şəhərində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının 31 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, idarə və müəssisələrin rəhbərləri, ərazi partiya təşkilatı sədrləri, partiya fəalları, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Sonra Şirvan şəhər Şəhidlər xiyabanında birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
YAP Şirvan şəhər təşkilatında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə YAP Şirvan şəhər təşkilatının 31 illik fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib. Tədbirdə məruzə ilə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov YAP Şirvan şəhər təşkilatının 31 illik fəaliyyəti haqqında məlumat verərək, tarixi zərurətdən yaranmış, zamanın bütün sınaqlarından üzü ağ çıxmış Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi mənalı və şərəfli yolundan ətraflı danışıb. Z.Qəhrəmanov YAP Şirvan şəhər təşkilatının yaranma tarixindən, mövcud vəziyyətindən, geniş bəhs edərək, tədbir iştirakçılarını ildönümü münasibətilə təbrik edib və onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı olduğunu sübuta yetirmişdir. Bildirib ki, YAP Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi, sosial, həmçinin ictimai-siyasi həyatında həlledici rol oynayır. Yeni Azərbaycan Partiyası bu gün cəmiyyətdə böyük nüfuza malikdir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz gündən günə daha da güclənir, inkişaf edir. Son prezident seçkilərində Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbə ilə partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını vurğulayan İlqar Abbasov bu gün Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan naliyyətlərindən geniş bəhs edərək, tədbir iştirakçılarını YAP Şirvan şəhər təşkilatının yaranmasının 31-ci ildönümü münasibətilə təbrik edib.
Daha sonra Şirvan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva, şəhid anası Şəlalə Zülfüqarova, müharibə iştirakçısı Həbib Sərhəngov, partiya veteranlarından Adəm Hüseynov, partiyanın gənc üzvü Ülvi Ağaməmmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz bir partiya olduğundan, ölkəmizin hər bir uğuruna töhfəsindən, partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, öz siyasi həmfikirlərini təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim edilib, yüksək siyasi fəallığı ilə seçilən partiya üzvləri Fəxri Fərmanlarla təltif olunub.