Şirvanda yeni həkim məntəqəsinin açılışı olub.
16 oktyabr 2023-cü il tarixində Şirvan şəhərində məcburi köçkünlər üçün inşa olunmuş yaşayış kompleksində yeni həkim məntəqəsinin açılışı olub.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Pərviz Rüstəmbəyov, tibb işçiləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını salamlayaraq, yeni həkim məntəqəsinin açılışı münasibətilə qəsəbə sakinlərini təbrik edib. Bildirib ki, Heydər Əliyev ili çərçivəsində onun Azərbaycan Respublikasının tarixində, bugünkü mövcudluğunda, ictimai - siyasi həyatın müxtəlif sahələrində, o cümlədən səhiyyə sahəsinin inkişafı, onun yenidən qurulmasındakı xidmətlərini bir daha qeyd etmək hər birimizin borcudur. Ulu Öndər üçün ən vacib sahələrdən biri insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. Azərbaycan səhiyyəsi Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində inkişaf yolundadır. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır. Bu gün Azərbaycanda səhiyyənin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, indi respublikamızın bütün bölgələrində müasir səviyyədə tibb ocaqları yaradılıb. Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olduğunu diqqətə çatdırıb.
Ötən ay Qarabağdakı erməni silahlı birləşmələrinə qarşı keçirilmiş və qələbə ilə başa çatmış tədbirlərdən söz açan İlqar Abbasov, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin 15 oktyabrda Xankəndi şəhərində, Xocalı və Əsgəranda Azərbaycanın üçrəngli Dövlət Bayrağının ucaldılmasının tarixi hadisə olduğunu vurğulayaraq, tədbir iştirakçılarını təbrik edib.
Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Pərviz Rüstəmbəyov, Füzuli rayon 10 nömrəli orta məktəbin direktoru Əminə Nuriyeva və digərləri qəsəbə sakinlərinə xidmət göstərəcək səhiyyə ocağının müasir tibb avadanlıqla təmin edilməsinə, regionlarda əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra həkim məntəqəsinin açılışı ilə əlaqədar tədbir iştirakçıları məntəqədə yaradılan şəraitlə tanış olub. Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Pərviz Rüstəmbəyov həkim məntəqəsi barədə ətraflı məlumat verib.