Şirvanda yeni idman zonası istifadəyə verilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində iyunun 24-də Şirvan şəhərində yeni idman zonası istifadəyə verilib.
Şirvan şəhəri Sahib Zeynalov küçəsində təşkil edilən açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, şəhər ictimaiyyətinin nümayəndələri, gənclər və idmançılar iştirak ediblər.
Layihəyə əsasən açıq havada idman fəaliyyətləri üçün uyğun mühit yaradılıb. Vətəndaşlar burada minifutbol, basketbol, stolüstü tennis və şahmat idman növləri ilə məşğul ola, eyni zamanda, trenajor avadanlıqlarından faydalana biləcəklər.
Yeni istifadəyə verilən idman zonası şəhər sakinlərinin, xüsusilə gənc və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi, fiziki fəallıqlarının artırılması və sağlam həyat tərzinin təşviqi üçün geniş imkanlar yaradacaq.
Tədbir iştirakçıları idman zonası ilə tanış olub, yaradılan şəraitə baxış keçiriblər. Həmçinin gənclərlə səmimi söhbət apararaq onların təəssüratlarını dinləyiblər. Sonda xatirə şəkli çəkdirilib.
Gənclər, idmançılar və məhəllə sakinləri yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






