Şirvanda yüksək bal toplayan məzunlarla görüş keçirilib.
Sentyabrın 10-da Şirvan Şəhər İcra Hakimiyyətində 2024-2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş şəhər ümumtəhsil məktəblərinin məzunları ilə görüş keçirilib.
Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Heydər Əsədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, təhsil işçiləri və şəhər üzrə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlar iştirak ediblər.
Görüş iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları və onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib. Məzunlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etməyi arzulayıb. Ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş təhsilin inkişafı strategiyasının bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq uğurla davam etdirildiyini diqqətə çatdırıb.
İlqar Abbasov təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə əldə edilən uğurlardan danışaraq qeyd edib ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır, tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən məzunlarımız həm buraxılış, həm də ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər.
Həmçinin bu il Şirvan şəhər ümumtəhsil müəssisələrindən 492 nəfər abituriyentin ali təhsil müəssisələrinə sənəd verdiyini, 333 nəfər məzunun müxtəlif ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazandığını, onlardan 13 nəfərin 600-700 arası bal topladığını, həmçinin Şirvan şəhər Kimya-biologiya təmayüllü liseydən 17 nəfərin 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunduğunu qeyd edib.
Sonra çıxış edən millət vəkili Heydər Əsədov ali məktəblərə qəbul olunmuş şagirdləri və onların valideynlərini təbrik edib, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsil sistemi müasir tələblərə cavab verəcək şəkildə daim yeniləndiyini, ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə mövqeyinin ildən-ilə yüksəldiyini qeyd edərək, məzunlarla öz təcrübələrini bölüşüb, tövsiyələr verib.
Görüşdə çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbirdə iştirak edən məzunlar onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək gələcək planlarından söz açıblar.
Görüşdə 2024-2025-ci tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.






