Şirvanda yüksək nailiyyətləri ilə seçilən şagird və müəllimlər təltif olunublar.
Sentyabrın 4-də Şirvan şəhərində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan və 2025/2026-cı tədris ilində müxtəlif yarış və müsabiqələrdə uğur qazanan şagirdlərin və onların müəllimlərinin təltif olunmasına həsr edilmiş tədbir keçirilib.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rəvan Baxışov, idarənin əməkdaşları, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, məktəb direktorları, qabaqcıl müəllimlər və təhsildə yüksək nailiyyətləri ilə seçilən şagirdlər iştirak ediblər.
Çıxışlarda ötən tədris ilində şagirdlərin müxtəlif istiqamətlər üzrə qazandıqları uğurlardan, onların yüksək nəticələr əldə etməsində müəllimlərin və valideynlərin mühüm rolundan bəhs olunub. Çıxış edənlər təhsil işçiləri və şagirdləri təbrik edərək, yeni tədris ilində onlara uğurlar və yeni nailiyyətlər arzulayıblar.
Tədbirdə 2025/2026-cı tədris ilində müxtəlif istiqamətlər üzrə yüksək nailiyyətlər əldə etmiş şagirdlərə və onların uğurlarında əməyi olan müəllimlərə diplomlar, fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Sonda xatirə şəkilləri çəkdirilib.






