Şirvanda Zəfər Günü münasibətilə konsert proqramı təşkil edilib.
Noyabrın 8-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə şəhərin M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən “Zəfər” abidəsinin önündə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Mədəniyyət İdarəsinin müdiri Şahin Şahbazov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, şəhər sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhərin yeniyetmə və gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlarına, məktəblilərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Məktəblilərin hazırladığı 8 Noyabr - Zəfər Gününə həsr olunmuş kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Zəfər abidəsinin önündə davam edən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir respublikamızın və şəhərimizin incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib.