Şirvanda Zəfər Günü münasibətilə Şəhidlər Xiyabanı ziyarət olunub.
8 Noyabr – Zəfər Günü münasibətilə Şirvan şəhərində Şəhidlər Xiyabanı ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Ziyarətdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, şəhər sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Ziyarət zamanı əvvəlcə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, onların əziz xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.
Daha sonra Şirvan Şəhidlər Xiyabanında şəhid analarının şərəfinə ucaldılmış “Şəhid Anası” memorial abidə kompleksi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub.






