Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Zəfər Günü münasibətilə ümumşəhər tədbiri keçirilib.

07 noyabr 2023 | 19:11

7 noyabr 2023-cü il tarixində “Heydər Əliyev İli” ilə bağlı tədbirlər çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda keçirilən tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər güllər düzülərək, əziz xatirəsi ehtiramla anılıb.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgiyə baxış keçirilib. Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü və müstəqillik illərində tanınmış ziyalılar, mədəniyyət xadimləri ilə görüşlərində çəkilmiş fotoşəkillər və məlumatlar nümayiş olunub.

Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, xalqımız artıq üçüncü ildir ki, Azərbaycanın ən yeni tarixinin - şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayır. 8 Noyabr – Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycanımızın tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Bu böyük Qələbə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, müdrik rəhbərliyi və dəqiq planları, həmçinin cəsarəti, şücaəti və Müzəffər Ordumuza böyük inamı sayəsində qazanılıb.

Məhz cənab Prezidentimizin rəhbərliyi ilə qəhrəman Azərbaycan xalqı, rəşadətli ordumuz onillər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoydu, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz gücü ilə icra edərək ikili standartları zərərsizləşdirdi.

Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan Ali Baş Komandan cənab İlham Əliyevin hərbi-siyasi diplomatiyası və “dəmir yumruğu” qarşısında diz çökdü. Dövlət başçımızın heç bir beynəlxalq təzyiqə məhəl qoymayaraq bütün dünyaya bəyan etdiyi cəsarətli çıxışları və diplomatik addımları sayəsində ata vəsiyyəti parlaq şəkildə ləyaqətlə yerinə yetirildi. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti sayəsində, şəhid və qazilərimizin qanı, canı bahasına qazanılmış böyük Zəfərin, Azərbaycan bayrağının bütün Qarabağda, xüsusən də Şuşada, Laçında, Xocalıda, Xankəndi şəhərində dalğalanmasının sevinci ilə yaşayır.

Millət vəkili İltizam Yusifov çıxış edərək qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub. Qarabağın tacı olan Şuşamızın azad edilməsi tam qələbəmizi müjdələyən zəfər idi. Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.

Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də Şəhidlər Xiyabanında Şuşa şəhərinin azad olunması ilə bağlı Azərbaycan xalqına müraciətini əks etdirən videoçarx nümayiş olunub.

Sonda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi”nin xatirə hədiyyəsini şəhid analarına təqdim edib.

Şəhid anaları tədbir iştirakçıları tərəfindən ayaq üstə alqışlanıb.

Keçidlər