Şirvanda Zəfər Günü münasibətilə ümumşəhər tədbiri keçirilib.
Noyabrın 7-də 8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.
Şirvan Şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara baxış keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən ölkədə hər il 8-noyabr Zəfər Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri Dəmir Yumruq əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən II Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur. Bu gün qürurla deyə bilərik ki, biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən 8 Noyabr - Zəfər Günü münasibətilə bütün şirvanlıları səmimi-qəlbdən təbrik edir, sakinlərimizin hər birinə möhkəm cansağlığı, sevinc və xoşbəxtlik arzulayıram.
Sonra çıxış edən əməkdar müəllim, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tarix müəllimi Mehran Əhməd qızı qeyd edib ki, Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəlmişdir. Onminlərlə azərbaycanlı qətlə yetirilmiş və şikəst edilmiş, kütləvi etnik təmizləmə nəticəsində bir milyondan artıq soydaşımız 30 ildən artıq qaçqın və köçkünlük həyatı yaşamağa məhkum edilmişdir. Əzəli torpaqlarımız uğrunda ədalətli mübarizənin şanlı qələbəsi, 30 il təcavüzkar düşmən tərəfindən qurulan sədlər 44 gün ərzində sarsıdıcı zərbələrlə məhv edildi. Xalqımızın tarixinə qızıl hərflərlə yazılan Zəfər Gününün qəhrəmanlıq, birlik, əzmkarlıq nümunəsi, eyni zamanda ədalətin bərqərar olduğu, sevinc və kədər göz yaşlarının qoşa axdığı gün olduğunu vurğulayıb.
Daha sonra tədbirdə Zəfər Gününə həsr edilmiş sənədli film nümayiş olunub.