Şirvanda Zəfər yürüşü keçirilib.
6 noyabr 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Zəfər yürüşü təşkil olunub.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, şəhər sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət olunub, abidə önünə tər güllər düzülərək, əziz xatirəsi ehtiramla anılıb.
Ulu Öndər Heydər Əliyevin abidəsindən başlayan yürüş şəhərin M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən “Zəfər” abidəsinədək davam edib.
Tədbirdə şəhərin yeniyetmə və gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlarına, məktəblilərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra məktəblilərinin hazırladığı 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək!” adlı fləşmob təşkil olunub. Fləşmob tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Zəfər abidəsinin önündə davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli qeyd edib ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimizin qazandığı hərbi Zəfər Azərbaycanın müstəqillik tarixinin müstəsna əhəmiyyətli hadisələrindəndir. 30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə dünyaya səs saldı. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi.
Sonra çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını və xalqımızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Qeyd edib ki, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub. Prezident cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Həmçinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə keçirilən lokal xarakterli antiterror tədbirləri barədə məlumat verən İlqar Abbasov, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünün tam bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə Qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərimizə minnətdar olduğumuzu vurğulayıb.
Daha sonra tədbir konsert proqramı ilə davam edib.