Şirvanda Zərifə Əliyevaya həsr edilmiş “Sönməyən işıq” adlı tədbir keçirilib.
Aprelin 25-də Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Mədəniyyət və Təhsil İdarələrinin birlikdə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, ŞİHB yanında Şuranın üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, tibb işçiləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.
Şirvan Şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunmuş sərgiyə baxış keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yüksək elmi nailiyyətləri, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mehriban ana, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb.
Qeyd edib ki, tanınmış ziyalı nəslin layiqli davamçısı və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyeva oftalmologiya elminin korifeyi, ziyalı və işıqlı bir şəxsiyyət olmaqla, görmə problemli insanlara şəfa olan bir insan olub. Görkəmli alim və təbibin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, nailiyyətlər, bunların əsasında yaratdığı əsərlər ölkəmizdə tibb elminin parlaq səhifələridir. Xalqımız Zərifə xanım Əliyevanı, onun işıqlı obrazını özünün yaddaşına həkk etməklə, parlaq xatirəsini həmişə ehtiramla anır.
Vurğulayıb ki, Zərifə xanım Ulu Öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı olmaqla, əsl Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilmiş, ən başlıcası isə Azərbaycanın Zəfər tarixinə adını qızıl hərflərlə yazdırmış qətiyyətli sərkərdə, Qalib Ali Baş Komandan cənab İlham Əliyevi bəxş etmişdir.
Sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş olunub.
Tədbir incəsənət ustalarının və mədəniyyət ocaqlarının kollektivlərinin rəngarəng konsert proqramı ilə davam edib.