Şirvanda Zərifə xanım Əliyevanın 103 illiyinə həsr olunmuş tədbir keçirilib.
Aprelin 28-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 103 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.
Sonra Şirvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunmuş şagirdlər – Səbinə Fətullayeva, Sevgi Novruzovanın əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Şirvan Şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükut və ehtiramla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu və oftalmologiya elminin inkişafındakı misilsiz xidmətləri tibb tariximizin qızıl səhifələrini təşkil edir. Zərifə xanım təkcə peşəkar həkim deyil, həm də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mənəvi dayağı, sadiq dostu və vəfalı silahdaşı kimi dövlətçilik tariximizdə müstəsna rol oynamışdır. Bu gün biz onun nur saçan simasını anarkən, bir daha şahid oluruq ki, belə böyük şəxsiyyətlərin ömrü zaman keçdikcə daha da dəyər qazanır və gələcək nəsillərə yol göstərir.
Qeyd edib ki, Azərbaycanın elm və ictimai fikir tarixində silinməz iz qoyan Zərifə xanımın irsi bu gün Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın fəaliyyətində yeni çalarlarla davam edir. Bildirib ki, Mehriban xanım Əliyeva da analıq missiyasını həyatının ən müqəddəs vəzifəsi hesab edir və Zərifə xanımdan əxz etdiyi xeyirxahlıq ənənələrini bu gün təhsil, səhiyyə və mədəniyyət sahələrindəki genişmiqyaslı layihələrlə yaşadır. O, Azərbaycan qadınının müasir və eyni zamanda milli dəyərlərə bağlı obrazını bütün dünyaya tanıdır.
İlqar Abbasov vurğulayıb ki, Azərbaycan xalqı Zərifə xanımı hər zaman dövlətimizə layiqli rəhbər bəxş edən müqəddəs bir ana və elm nuru ilə ətrafa işıq saçan böyük ziyalı kimi xatırlayacaq, onun əziz xatirəsi gələcək nəsillər üçün hər zaman mənəvi saflıq və vətənpərvərlik nümunəsi olaraq qalacaqdır. Həmçinin qeyd edib ki, Zərifə xanım Əliyeva dövlət xadiminin qızı, dövlət xadiminin həyat yoldaşı, dövlət xadiminin anası olmaqla əbədiyaşarlığa qovuşmuşdur.
Sonra çıxış edən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqları Müşviq Babayev, Günel Sayılova, Günel Səfərova, Məhin Niftiyeva, Yunis Məmmədov Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanıdılması istiqamətində gördüyü işlərdən, eləcə də görkəmli alimin insani keyfiyyətlərindən danışıblar.
Tədbirdə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.






