Şriftin ölçüsü :

Saytın rəngi :

Soçi bəyanatında əksini tapan müddəalar Azərbaycanın maraqlarına cavab verir.

03 noyabr 2022 | 15:20

Bu gün Azərbaycan beynəlxalq arenada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində yüksək nüfuza malikdir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması, bir-birinin ardınca beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ünvan seçilməsi, Qoşulmama Hərəkatına üç illik sədr olması Azərbaycanın dünyada və Avropada danılmaz nüfuzunun göstəricisidir. Beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyimizin nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın quruma sədrliyinin daha bir il də uzadılması qərarını qəbul etmişlər. Nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatının tarixində indiyə qədər belə bir hal olmamışdır. Qətiyyətlə demək olar ki, Azərbaycan bu gün tarixi Zəfərinin yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Hazırda Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Şuşa dipomatik mərkəzə çevrilərək tədbirlərin keçirilməsi, sənədlərin imzalanması üçün ideal məkan kimi qəbul olunur. İşğaldan azad edilmiş ərazilərimizin qısa müddətdə Azərbaycanın dayanıqlı inkişafına töhfələr verməsi üçün mühüm addımlar atılır, bərpa və quruculuq işlərinin miqyası genişlənir. Bu gün Füzulidə və Şuşada görülən işlərin fonunda işğaldan azad edilmiş bütün torpaqlarımızın bərpasını və yenidən qurulması prosesini təsəvvür etmək mümkündür. Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması naminə irəli sürülən bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bu baxımdan, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşün önəmini qeyd etməliyik. Bu görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyev milli maraqlarımızı qətiyyətlə müdafiə etdi. Prezident İlham Əliyev Vladimir Putinlə təkbətək görüşündə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtının yetişdiyini diqqətə çatdırıb. Görüşdə dövlətimizin başçısı bir daha Qarabağ münaqişəsinın artıq tarixdə qaldığını vurğulayıb: “O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır”. Bununla da dövlətimizin başçısı Ermənistanın və onların havadarlarının Qarabağ ətrafında spekulyasiyalarının qarşısını almış oldu. Soçidə keçirilən üçtərəfli görüşün yekunu olaraq qəbul olunmuş Bəyanatda Qarabağın adının çəkilməməsi də bunu təsdiqləyir. Bəyanatda qeyd edilir ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğuni təsdiqləyib, qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşıblar. Xüsusilə, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyi vurğulanıb. Bu bəyanatda BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyü və suverenliyi amilinə istinad edilir. Rusiya tərəf olaraq Azərbaycan Ermənistan arasında mübahisələrin ədalətlə həll edilməsinə, o cümlədən Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verməsinə hazır olduğunu bir daha bildirdi. Cənubi Qafqazda sülhün və sabitliyin formalaşması üçün revanşistləri ruhlandıran siyasəti heç bir tərəfdən heç bir halda gündəmə gətirilməməlidir. Soçidə keçirilən üçtərəfli görüşün yekunu olaraq qəbul olunmuş bəyanatda nə “status”, nə Qarabağ kəlməsi barədə bir dəfə də olsun fikirlər yer almayıb. Birgə Bəyanatın diqqətçəkən mühüm hissəsi isə tərəflərin suverenliyi və ərazi bütövlüyü ilə bağlıdır ki, bu da Azərbaycan tərəfini tam şəkildə qane edir.

 

Əmirli Nilufər

Şirvan-Salyan Regional Təhsil İdarəsi, Şirvan sektoru üzrə aparıcı məsləhətçi 

Keçidlər