Tarixin sınaqlarından şərəflə çıxan Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunədir.
13 fevral 2023 | 17:40
Türk millətinin tarixi hər zaman faciəli amma şərəfli qeydlərlə zəngindir. İstər müharibələr, istərsə də təbii fəalkətlər hər zaman sinəmizə yaralar vurmuşdur. Lakin, elə tarixin özü şahiddir ki, bütün zülmlər türkün ayaqlanması, bütün savaşlar türkün zəfəri ilə sonlanıb. Bunun da əsas səbəbi həmrəyliyimiz, zillətə qarşı birləşməyi bacarmağımızdır. Əfsuslar olsun ki, tarixdə türkü bir araya gətirən əksər hadisələr faciələr, savaşlar çevrilişlər və sair bu kimi hadisələrdir. Van zəlzələsi, meşə yanğınları kimi faciələrdə necəki təklif etmək yerinə təyyarə endirməyə yer axtarırdıq, 6 fevral faciəsində də qardaşımızın yanına sorğu sualsız çatmışdıq. Fevralın 6-da qardaş Türkiyə öz tarixində ən faciəli və ağrılı hadisələrdən birini yaşadı. Həmin gün Türkiyə vaxtı ilə saat 04:17-də Türkiyənin cənubunda Qaziantep şəhərinin Şehitkamil ilçəsində baş verən güclü zəlzələ ciddi dağıntılara və çoxsaylı insan itkilərinə səbəb oldu. Mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb və dağıntılar altında qalıb. Onların taleləri hələ də məlum deyil. Zəlzələdən sonra çoxsaylı afterşoklar baş verdi. Hər zaman bir-birinə xitabda “Qardaşım” deyə müraciət edən liderlərimiz, bu gün də çiyin-çiyinə dayanıb. Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb. Daha sonra telefon əlaqəsi saxlayan, cənab Prezident İlham Əliyev bütün imkanlarımızla qardaş Türkiyənin yanında olduğumuzu bir daha vurğulayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib. Paylaşımda qeyd olunub: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.
Hadisənin xəbəri gəldikdən saatlar sonra ilk təyyarəmiz artıq Türkiyə səmasında idi. Hansı ki, ardınca da 7 yardım və texnikalarla yüklü təyyarəni ardınca aparacaqdı. Habelə 800-ə yaxın xilasedici və tibbi personalda 1 gün ərzində köməyə yetişdilər. Hadisə sonrası xalqın ayağa qalxması və birlik nümunəsi göstərməsi nəinki dövlət sektorundakı qurumları hətta özəl sektoruda fəaliyyətə keçirdi. Kimin əlindən nə gəlirsə günü bu gündə qardaş ölkə üçün səfərbər edir. Türkiyədə də fəaliyyət sektoru olan SOCAR yardımlara elə Türkiyənin özündə start verdi. Bundan əlavə vətəndaşlara sosial xidmətlər göstərilməsi üçün ASAN Könüllülərindən ibarət dəstə Türkiyəyə yola salınıb. Maddi yardımlar bu gün ən önəmli məsələlərdəndir ki, faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxil edilib. Bunun ardından Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verib. Zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə 9 fevral tarixində Naxçıvandan ilkin olaraq 12 TIR yola salınıb. Yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər və bu proses bu an da davam edir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir. Yenə Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 35-dən yuxarı zərərçəkmişi sağ, 140-dan çox nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Sosial mediada yayılan materiallardan bəllidir ki, dinindən, irqindən asılı olmayaraq hər kəsin xüsusilə də dağıntı ərazilərində çalışanlar üçün mənəvi cəhətdən olduqca ağır günlər yaşanır. Bizlər də günlərdir evimizdə rahatlıq tapa bilmirik. Necə deyərlər yeməkdən, yatmaqdan və isinməkdən utanır insan. Allah bütün zəlzələ qurbanlarını ruhunu şad etsin, zərərçəkmişlərə şəfa, qurbanların yaxınlarına səbr versin. Bir türk olaraq bildirmək istəyirəm ki, mən də öz şəxsimdə hər zaman əbədi və əzəli birliyimiz üçün səfərbər və qürurluyam. Hər bir Azərbaycan vətəndaşı kimi.
Səadət Quliyeva
Şirvan şəhər 21 nömrəli tam orta məktəbin direktoru