Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyev və Azərbaycan dili

01 avqust 2023 | 09:19

Hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi, özünütəsdiqidir. Ana dili xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin hazırda dünya dilləri sırasında özünəməxsus yeri,necə deyərlər, imzalar içərisində imzası vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, “Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”. Tarixin müxtəlif dönəmlərində ölkəmizin ayrı-ayrı imperiyalar tərkibində olmasına baxmayaraq, Azərbaycan dili öz varlığını və özündüyünü qoruyub saxlamış, tarixin amansız və sərt sınaqlarından üzüağ, şərəflə çıxmış, zaman-zaman cilalanaraq saflaşmışdır. 
Xalqımızın böyük oğlu, Ümummilli lideri Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan  Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Məlum olduğu kimi, 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi və Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm milli ziyalılarımızın böyük rəğbətini qazandı, həm də onlara mənəvi dəstək verdi, ruh yüksəkliyi bəxş etdi, bu məsələnin müsbət həlli üçün geniş üfüqlər açdı. Yenə həmin dövrdə Heydər Əliyev Azərbaycan Yazıçılar İttifaqının qurultayında iştirak edərək doğma ana dilində çıxışı ilə tədbir iştirakçılarını heyran qoydu. Ulu öndər bununla kifayətlənməyərək həm də respublikanın bir qrup tanınmış şair və yazıçılarını qəbul edərək onlarla apardığı səmimi söhbətlərində ana dili məsələsinə də toxundu və bu yöndə əməli tədbirlər görülməsinə rəvac verdi. Həmin tədbirlər sırasında Ulu öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Totalitar rejimin hökm sürdüyü, qatı rus millətçiliyi və şovinizminin baş alıb getdiyi keçmiş Sovetlər Birliyində bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi. Ulu öndər 1995-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasında dilimizin adı ilə bağlı keçirilən ümumrespublika yığıncağında həmin tarixi hadisəni yada salaraq demişdir: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım oldu. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Siz nə üçün bizə mane olursunuz? Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu”. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən, məqsədyönlü və uğurlu dil siyasətinin nəticəsi olaraq keçən əsrin 70-ci illərində respublikamızda milli ana dilinin müxtəlif yönlərdən araşdırılması ilə bağlı bir sıra dəyərli elmi-tədqiqat işləri yerinə yetirildi. Bütün bunların nəticəsi olaraq, 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi respublika Dövlət mükafatına layiq görüldü. Heydər Əliyevin ana dilinə olan sonsuz sevgi və qayğısının təzahürü olan bu cəsarətli addımı ölkəmizdə dilçiliyin daha da inkişafı üçün geniş imkanlar açdı, dilçi alimlərə qol-qanad verdi, elmi ictimaiyyətdə böyük ruh yüksəkliyi yaratdı. Yenə həmin dövrdə Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan uğurlu dil siyasəti daha bir bəhrəsini verdi. Ölkəmiz 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili statusu qazandı. Məhz bu mərhələdə milli dövlətçiliyin mühüm atributu olan ana dilinin daha da inkişafı və zənginləşməsi, onun müasir elmi tələblər səviyyəsində geniş və hərtərəfli araşdırılması və beynəlxalq aləmdə tanınması üçün daha böyük imkanlar yarandı, bu yöndə geniş üfülər açıldı və bir sıra mühüm və sanballı işlərə ilkin imza atıldı. Bu məsələdə Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilimizin gözəl bilicisi, bənzərsiz mahir natiq Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti və misilsiz tarixi xidmətləri mühüm və həlledici rol oynadı. Belə ki, Ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi. Qeyd etmək lazımdır ki, 1992-ci ildə Azərbaycan Respublikasının dövlət dilinin adı emosiyaların təsiri ilə “türk dili” adlandırılmış və o dövrün səriştəsiz rəhbərliyinin bu tələsik qərarı ciddi etirazlarla qarşılanmışdı. Heydər Əliyev 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə ölkəyə rəhbərliyi öz öhdəsinə götürdükdən sonra yeni yaranmış şəraitdə digər vacib məsələlərlə yanaşı, dil siyasətinə də xüsusi önəm verdi. Ümummilli lider dil məsələsinə birinci növbədə azərbaycançılıq ideologiyası prizmasından yanaşdı və 1995-ci ilin payızından başlayaraq məhz bu mövqedən dilimizin adı ilə bağlı geniş müzakirələr aparmağa başladı. Tam demokratiklik, fikir azadlığı şəraitində keçən həmin müzakirələr zamanı dilimizin adının yarım əsrdən artıq işləndiyi şəkildə, yəni Azərbaycan dili adlandınlmasma üstünlük verildi. Bu məsələdə birinci növbədə azərbaycançılıq konsepsiyası əsas götürülür və nəzərə alınırdı ki, Azərbaycan dili anlayışı artıq neçə on illərdir ki, ölkədə yaşayan bütün xalqlar tərəfindən qəbul olunmuş, bu dil artıq kifayət qədər işlənmə təcrübəsi qazanmış və müstəqil Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artması ilə tarixdə və beynəlxalq arenada da bu adla tanınmışdır. Ulu öndər dilimizin adı məsələsi ilə bağlı çoxsaylı çıxışlarında bu məsələyə siyasi uzaqgörənliklə, müdrikcəsinə yanaşaraq demişdir: “Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramı bildirərək, eyni zamanda bu gün deməliyik ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi-nəzərdən , həm fəlsəfi nöqteyi-nəzərdən, həm Azərbaycan dövlətçiliyi, ölkəmizin bugünü və gələcəyi nöqteyi-nəzərdən düzgün deyil”. Onu da qeyd edək ki, adıçəkilən ümumxalq səsverməsi günü Ümummilli lider jurnalistlərlə görüşü zamanı dilimizin adı ilə bağlı ona ünvanlanan suala belə cavab vermişdir: “Bizim dilimiz Azərbaycan dilidir, biz azərbaycanlıyıq, respublikamız Azərbaycandır. Ancaq tarix, dilçilik elmi nöqteyi-nəzərindən Azərbaycan dili dünyada mövcud olan türk dilləri qrupuna daxildir”. Beləliklə, Heydər Əliyevin dilimizin adı ilə bağlı mülahizələri sübut etdi ki, Ulu öndərin apardığı dil siyasəti milli dövlət quruculuğu siyasəti ilə, azərbaycançılıq konsepsiyası ilə sıx bağlıdır və onun üzvi tərkib hissəsidir. Onu da qeyd etmək lazımdır ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının əsas qanununa - Konstitusiyasına “Dövlət dili” adlanan ayrıca bir maddə (maddə 21) daxil edildi. Ümummilli liderin ölkəmizdə apardığı məqsədyönlü və uğurlu dil siyasətinin əsaslarını özündə birləşdirən Azərbaycan Respublikasının Konstitusiyasının həmin maddəsində birmənalı şəkildə qeyd olunur. Bütövlükdə, müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən Dövlət Dili haqqında Qanunda Azərbaycan dilinin saflağınm qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımı şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulmuşdur. 2 yanvar 2003-cü il tarixli fərman isə adından göründüyü kimi Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini, onun tətbiqi və qorunmasını prioritet bir vəzifə olaraq qarşıya qoyurdu. Fərmanda, həmçinin Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsinin müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri sayıldığı və onun tətbiqi, qorunması və inkişafına hərtərəfli dövlət qayğısı göstərildiyi vurğulanır və bu sahədə görüləcək işlər başlıca bir vəzifə olaraq qarşıya qoyulurdu. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan xalqının Ümummilli lideri Fleydər Əliyevin müstəqillik dövründə Azərbaycan dili ilə bağlı verdiyi fərmanlar ədəbi dilimizin fəaliyyət meydanını daha da genişləndirmiş, onun dövlət səviyyəsində tətbiqi işini, inkişafı məsələlərini gücləndirmişdir. Bu tarixi qərarlar bütövlükdə götürdükdə Azərbaycan dili və dil mədəniyyətimiz qarşısında yeni imkanlar və geniş üfüqlər açmışdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu öndərin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ulu öndərin siyasi kursunu yeni şəraitin tələblərinə uyğun şəkildə yaradıcılıqla inkişaf etdirən İlham Əliyevin bu sahədəki ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlıdır. Ölkə Prezidentinin 12 yanvar 2004-cü il tarixli bu sərəncamına əsasən, dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir. Bundan əlavə, İlham Əliyevin 2004-cü il 27 dekabr tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 avqust 2007-ci il tarixli digər bir sərəncamı ilə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində kütləvi şəkildə nəşri də həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır.  Bu gün əminliklə qeyd etməkm olar ki, Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirilir. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.

 

Rəfiqə Rzayeva
S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktoru

 

Keçidlər