Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası
Azərbaycanda konstitusionalizmin nəzəriyyə və praktikasının öyrənilməsi dövlətçilik prinsiplərinin tətbiqi, demokratik cəmiyyət quruculuğunun inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əlbəttə, Azərbaycanda konstitusionalizm təcrübəsi mövcud olmuşdur. Həm Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu 1918-ci ildə konstitusiya aktları, həm də respublikamız Sovet İttifaqının tərkibində olduğu zaman Konstitusiyası qəbul edilmişdir. Sovet İttifaqı dövründə yazılan Konstitusiya heç də ölkəmizin maraqlarını, onun milli özünəməxsusluğunu əks etdirməmişdir. Əslində, bu sənəd Azərbaycan üçün sırf formal səciyyə daşımışdır. Bunu həmin sənəddə milli atributların, dövlət dili ilə bağlı maddənin əks olunmaması da təsdiq edir. Azərbaycan xalqı müstəqilliyi asanlıqla əldə etməmişdir. Bu yolda çox şəhidlər vermiş, çox itkilərlə üzləşmişdir. Müstəqilliyimizin ilk illərində məhz dövlətçilik prinsiplərinin olmaması, ölkəmizin dünya hüquq sistemində mövqelərini möhkəmlətməyə nail olmaması onun erməni separatçıları tərəfindən başladılan haqsız ərazi iddialarına tutarlı cavab verə bilməməsi ilə nəticələnmişdi. Hesab etmək olar ki, ölkənin Əsas Qanunu onun hüquq sistemində nüvə rolunu oynayır. Həmin dövrdə müstəqil Azərbaycanın Konstitusiyasının olmaması ölkədə digər qanunların tam gücü ilə işləməməsinə gətirib çıxarırdı. Çünki SSRİ dövründə qəbul edilən Azərbaycan Konstitusiyası, ona edilən dəyişiklərə baxmayaraq, müstəqil dövlətin reallıqlarını əks etdirə bilmirdi. Hüquq sisteminə, cəmiyyətə nizamı yalnız Konstitusiya gətirə bilərdi. Bu nizamın yaradılması isə hər bir xalqın, ölkənin həyatında tarixi nailiyyətdir. Dağlıq Qarabağ münaqişəsi, ölkədə baş verən siyasi proseslər dövləti konstitusional hüquq quruculuğundan uzaqlaşdırırdı. Müasir dövrdən baxdıqda, Azərbaycanın həmin illərdə necə mürəkkəb vəziyyətə düşməsini daha yaxşı anlamaq olur. Hüquqi nizamın yoxluğu, eyni zamanda, cəmiyyətdə demokratik prinsiplərin də bərqərar olmasını ləngidir, ölkəni illərlə geriyə atırdı. Demokratiyanın tez bir zamanda Azərbaycanda bərqərar edilməsi isə ölkəmiz üçün yeganə çıxış yolu, müstəqilliyimizin dünya hüquq sistemində təsdiqi demək idi. Azərbaycan müstəqil olsa da, onun dövlətçilik prinsipləri yox səviyyəsində idi. Düşünmək olar ki, bu problemin həllinin məsuliyyəti ölkədə dövlət və ictimaiyyət nümayəndələrinin üzərinə düşürdü. Lakin həmin illər Azərbaycanda siyasi çəkişmələr, hakimiyyət uğrunda gedən hətta qanlı mübarizələr onların buna qadir olmadığını göstərdi. Belə vəziyyətdə hüquqi nizamı yalnız dövlətçiliyin nəzəriyyəsi və praktikasını dərindən bilən bir lider qura bilərdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının əsas məqsədi bu olmuşdur. Xalq məhz onun ölkəyə sabitlik gətirəcəyinə inanmış və geridə qalan illər də göstərmişdir ki, Azərbaycan cəmiyyəti bu məsələdə yanılmamışdır. Əgər Ümummilli Lider hakimiyyətə gəlməsəydi, müasir dövrdən nəzər yetirdikdə ölkəni nə gözləyəcəyini təsəvvür etmək belə çətin görünür. Ulu Öndərin Azərbaycanda dövlətə rəhbərlik etməyə başladığı ilk anlardan cəmiyyətimizə hava, su kimi lazım olan hüquqi nizamın işartıları görünməyə başladı. Ümummilli Lider həm ölkəni xaosa sürükləməyə çalışan bu qüvvələrin qarşısını almaq üçün səylər göstərir, eyni zamanda, hüquq quruculuğunu dayanmadan davam etdirirdi. Ulu Öndər konstitusional hüququn bərqərar olmasının vacibliyini dərindən bilən qüdrətli siyasi xadim kimi ölkədə hüquqi nizamın yalnız bu yolla bərpa edilməsini mümkün hesab edirdi. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması üçün Konstitusiya Komissiyası yaradılmışdı. Həmin dövrdə Ulu Öndər ölkədə gedən mürəkkəb siyasi proseslərə baxmayaraq, bu komissiya qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsinə nail oldu. Azərbaycanda sabitliyə böyük təhdidlərin olmasına rəğmən, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan demokratik ölkə quruculuğunu qarşısına məqsəd qoymuşdu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmişdir. Bu tarixi hadisə Azərbaycanda yeni konstitusionalizm nəzəriyyəsi və praktikasının formalaşmasının əsasını qoymuş oldu. Ümummilli Lider bu Konstitusiya ilə Azərbaycanın çox-çox illər öncəyə inkişafının təməlini yaratdı. Bu Ali Sənədi hazırlayarkən O, ölkəmizin gələcəyinin uğurlu olacağına inanırdı. Bunun üçün Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsinin, Azərbaycanın pozulmuş ərazi bütövlüyünün bərpasının vacib amillər olduğunu vurğulayırdı. Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın demokratik dünya birliyinə inteqrasiyasını sürətləndirir və bu istiqamət ölkəmizin əsas prioritetidir. Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Bundan əlavə 30 ilə yaxındır öz yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtması onların pozulmuş mülkiyyət hüquqlarının bərpasına da şərait yaradacaq. Rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu. Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı zəfərə doğru birgə addımlayaraq, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu.
Ümid Quliyev
Şirvan Şəhər Mədəniyyət
Mərkəzinin bədii rəhbəri