Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

12 dekabr 2022 | 08:56
Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu isə azərbaycançılıqdır. Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi xüsusi yer tutmuşdur. Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verməsi, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını qətiyyətlə tərk etməsi vətənpərvərliklə, azərbaycançılıq məfkurəsi ilə bağlı idi. Bu, əsl vətənpərvərlik mövqeyinin nümayişi idi.
Azərbaycanın dövlət müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər zəngin dövlətçilik təcrübəsindən yararlanaraq uçuruma yuvarlanan, böhranlar içində çabalayan, gələcəyini heç kimin aydın təsəvvür etmədiyi bir ölkəni xilas etdi. Öz sinəsini sipər edərək Azərbaycanın dünya birliyinin müstəqil bir subyekti olmaq hüququnu özünə qaytardı. 1993-cü ildən sonra dahi Heydər Əliyevin qətiyyəti sayəsində müstəqilliyin ilk illərində obyektiv və ya subyektiv səbəblərdən ölkəyə vurulan yaralar sağalmağa başladı, Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev dünyanın nəinki ən müdrik, həm də ən fədakar azərbaycanlısı idi. Ulu Öndərdə xalqı və dövləti hətta ən çətin vəziyyətlərdən çıxarmaq bacarığı var idi. Qeyd olunduğu kimi, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı.
Ulu Öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Qısa müddətdə Azərbaycanın beynəlxalq imici dəyişmiş, ölkəmiz dünyanın siyasi və iqtisadi arenasının fəal subyektlərindən birinə çevrilmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə siyasi plüralizm yaranmış, cəmiyyət əsl demokratiya yolu ilə inkişaf yoluna çıxmışdır.
Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətlərini heç kim inkar edə bilməz. Onun ölkədə vətəndaş həmrəyliyinə nail olunması, sabitlik yaradılması, müstəqil dövlət qurulması, iqtisadi-sosial sahədə, neft strategiyasında tarixi addımlar atılması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi sahəsində gördüyü işlər unudulmazdır. Ulu Öndər ölkədə bazar iqtisadiyyatının təşəkkül tapmasında, Azərbaycana xarici investisiyaların cəlb olunmasında, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində, xalqın rifah halının yüksəldilməsində çox böyük işlər görmüşdür. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan inkişaf etmiş və sivil dövlətlər sırasına çatmışdır. Ümumiyyətlə, siyasi, iqtisadi, sosial, mədəni həyatda, beynəlxalq sahədə kifayət qədər nailiyyətlər qazanılmışdırsa, dövlətçiliyin gücləndirilməsində, ölkənin tərəqqisində nə qədər yeniliklər, uğurlar əldə edilmişdirsə – bunlar Heydər Əliyevin sayəsində mümkün olmuşdur.
Azərbaycan xalqının milli lideri, müdrik rəhbər və dahi şəxsiyyətin əziz və işıqlı xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının milli lideri, zəmanənin böyük siyasi xadimdir. Heydər Əliyev hər zaman türklərin qəlbində yaşayacaq əfsanədir. Azərbaycanın taleyüklü problemlərinin həllində, müqəddəs milli vəzifələrin uğurla həyata keçirilməsində, beynəlxalq ictimai rəydə, Vətənimizin daha böyük uğurlar qazanmasında xalqımızın böyük oğlu Heydər Əliyevin misilsiz xidmətləri təsdiqlənmiş və qəbul edilmişdir. İnamla demək olar ki, Heydər Əliyevin həyat və idarəetmə salnaməsi, siyasi peşəkarlığı və yenilməz iradəsi məhz bu vəzifələrin yerinə yetirilməsində başlıca təminat olmuşdur. Heç kəs yaddan çıxarmamalıdır ki, Azərbaycanın bölüşdürülməsi və daxili toqquşmalar, vətəndaş qarşıdurması və etnik toqquşmalar içərisində boğulmasını nəzərdə tutan məkrli planlar məhz Heydər Əliyev fonameni sayəsində aradan qalxmışdır.
İndi Ulu Öndərin vəfatından 19 il keçsə də, Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilmişdir. Heç kəs unutmamalıdır ki, Azərbaycanı parçalanmaqdan qurtaran, beynəlxalq aləmdə tanıdan, bugünkü firavan, azad həyatımızın banisi məhz Heydər Əliyevdir.
 
Fəridə Yahyayeva
Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direktoru
Keçidlər