Ulu Öndərin müəllifi olduğu neft strategiyası
Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir. Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Elə dünya iqtisadi sektorunda ən sabit və yüksək inkişaf indikatorlarına malik ölkə hesab olunan Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ötən illərdə əldə etdiyi nailiyyətlərə, sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olunmuşdur. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və kompleks islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına dərin əsaslar yaradıb. Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. Müstəqilliyimizin qarantı, dövlətimizin qurucusu və memarı ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ona görə ki, o, bazar iqtisadiyyatı yolunun qanun-qaydalarına riayət etməyi xalqımıza vacib bilərək deyirdi: “Əgər biz istəyiriksə doğurdan da, həqiqətən respublikamızın təbiətindən, torpağından, suyundan, havasından, kənd təsərrüfatı imkanlarından maksimum istifadə edərək, xalqımızın rifahını yaxşılaşdıraq, onda biz bazar iqtisadiyyatı yolu ilə getməliyik. Bazar iqtisadiyyatının ən böyük xüsusiyyəti insanlara sərbəstlik verməkdən, onları torpağın sahibi etməkdən, bir sözlə mülkiyyət formasını dəyişdirməkdən ibarətdir”. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xidmətləri sırasında iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verərək, malik olduğumuz təbii resurslardan səmərli istifadə etmək məqsədilə müəllifi olduğu neft strategiyası önə çəkilir, onun uğurları qeyd edilir. “Əsrin müqaviləsi”nin iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti də daha çox təhlil olunur. Bu saziş Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan xalqına, Azərbaycan dövlətinə həsr olunmuş fəaliyyəti və ömür yolu gələcək nəsillərə bir nümunədir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək əməli siyasi fəaliyyəti ilə bunu sübut edən ümummilli lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşına, bir sözlə tarixinə həkk olunmuşdur. Deməli, ümummilli lider Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir. Bu tarixi sevmək üçün isə ilk əvvəl onu öyrənməliyik. Bunun üçün isə dahi şəxsiyyətin ömür salnaməsini dönə-dönə səhifələmək, oxumaq, öyrənmək və sevərək təbliğ etmək lazımdır. Bunu etmək isə hər bir Azərbaycan gəncinin ümdə vətəndaşlıq borcudur.
Fəridə Yahyayeva
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru.