Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili
“Təhsil millətin gələcəyidir”. Xalqımızın Ümummilli Lideri, Ulu Öndər, Dahi şəxsiyyət Heydər Əliyevin bu kəlamı əslində özündə olduqca dərin bir məna əks etdirir. Cəmiyyətin xoşbəxt gələcəyini məhz təhsillə bağlı olduğunu vurğulayan Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə, təhsilin inkişafına, təhsil şəbəkələrinin genişləndirilməsinə, yeni-yeni məktəb binalarının tikilib istifadəyə verilməsinə, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasına, Azərbaycan gənclərinin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almalarına diqqət və qayğı ilə yanaşmış, dövlət-təhsil siyasətinin əsaslarını yaratmışdır. Azərbaycan təhsilinin milli tariximizdə coşqun yüksəlişi, əsl intibah illəri kimi daxil olan ilk mərhələsi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrə təsadüf edir. Həmin illərdə ölkəmizdə yüzlərlə yeni məktəb binaları tikilmiş, məktəblərin maddi-teniki bazası daha da zənginləşdirilmiş, təhsilin yüksək səviyyədə inkişafı üçün geniş şərait yaradılmışdır. Heydər Əliyev gənclərin hərtərəfli inkişafına böyük diqqət yetirirdi. Hələ Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi Sovet hakimiyyəti illərində, 1970-ci ildən başlayaraq yüzlərlə Azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi respublikanın milli kadr potensialının daha da möhkəmlənməsinə imkan yaratmışdır. Həmin milli kadrlar daha sonralar ölkəmizin sosial-iqtisadi, mədəni və siyasi həyatında müstəsna rol oynamışdır. Həmin illərdə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi yaradlılmış, ali təhsil müəssisələrində təhsil alan gənclərin sayı 70 mindən 100 minə çatdırılmışdır. Təhsilin inkişafına göstərilən diqqət və qayğı Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi ikinci dövrdə də davam etdirilmişdir. Qısa zaman ərzində ölkəmizin təhsil şəbəkəsi yenidən genişləndirildi. Ulu Öndər Heydər Əliyev bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirərək, mühüm tarixi fərman və sərəncamlar imzaladı. Təhsil sahəsində yeni islahatlar dövrü başladı. Təhsilin inkişafındakı bütün maneələr aradan qaldırıldı. Azərbaycan təhsili dünya standartlarına uyğun, müasir çağırışlara cavab verəcək səviyyəyə çatdırıldı. Təhsilin məzmun standartları müasir tələblərə uyğunlaşdırıldı. Təhsil infrastrukturu daha da zənginləşdirilərək, müasirləşdirildi. Müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi üçün konkret əməli addımlar atıldı. Hazırda müstəqil və müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasəti ilə Prezident İlham Əliyev tərəfidən layiqincə davam etdirilir. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır. Bu gün əminliklə qeyd etmək olar ki, Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyev irsinin layiqli davamçısı kimi təhsilin inkişaf strategiyasının uğurla davam etdirilməsi sayəsində Azərbaycan təhsili sözün əsl mənasında özünün yüksəliş dövrünü yaşayır.
Elnur Novruzov
Şirvan Peşə Liseyinin direktoru