Ümummilli lider Heydər Əliyev və idman siyasəti.
Ulu Öndər ölkəmizdə bir çox sahələr kimi, idmanın da inkişafı istiqamətində mühüm işlər həyata keçirib. Müxtəlif dövrlərdə respublikamıza rəhbərlik edən dahi şəxsiyyətin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan əsl idman ölkəsinə çevrilib. Olimpiya hərəkatının inkişafına xüsusi önəm verən Ümummilli liderin diqqət və qayğısı nəticəsində idmançılarımız beynəlxalq arenalarda yüksək naliyyətlər qazanıblar. İdman hər bir xalqin mədəniyyətinin hansı səviyyədə olduğunu göstərir. Ümummilli liderimizin vaxtı ilə müəyyənləşdirdiyi bu yolda qazanılan nailiyyətlər olimpiya komplekslərinin bir-birinin ardınca tikilib istifadəyə verilməsi idmançıların məşq şəraitinin yaxşılaşdırılması respublikamızda dünya və avropa çempionatlarının mötəbər beynəlxalq turnirlərin keçirilməsi olimpiya hərəkatına göstərilən diqqət və qayğı bütün olkədə yeniyetmə və gənclərin idmana güclü axınına gətirib çıxartdı. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. 1993-cü ilin noyabrında Ulu Öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etmişdi. Bu görüşdə Heydər Əliyev qeyd etmişdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. İdmanın inkişafı üçün geniş imkanlar yaradılacağını bildirən Heydər Əliyev bu sahənin həm də milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, oturuşmuş tarixi ənənələr əsasında inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu Öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında İdman Fondu yaradıldı. Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu Öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır". Ulu Öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Ulu Öndərin idmana, idmançılara göstərdiyi diqqət, qayğı və məqsədyönlü siyasət bu gün də cənab prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə iqtisadiyyatının intensiv inkişafı bütün sosial sahələri, o cümlədən idman və bədən tərbiyəsini əhatə edir. Məhz bu diqqətin və qayğının nəticəsidir ki, bu gün idmançılarımız Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırır, beynəlxalq yarışlarda, turnirlərdə himnimizi səsləndirib, üçrəngli ay-ulduzlu bayrağımızı dalğalandırırlar. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda 44 günlük savaşda qələbə qazanmamıza gətirib çıxartdı.
Samit Həsənov
Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi