Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir respublika kimi tanınır.

04 may 2023 | 16:46

1969-cu ildə Azərbaycanda rəhbərliyə başlayan müdrik, uzaqgörən siyasi lider Heydər Əliyev Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmişdir. O zaman məhz Heydər Əliyevin gəlişi ilə bütün sahələrdə sürətli yüksəliş dövrü yaşandı. Ulu öndərin  gərgin əməyi nəticəsində, Azərbaycan onun hakimiyyətinin birinci dövründə respublikada güclü iqtisadiyyatın təməli qoyuldu. Respublikada aparılan geniş miqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi. Ölkənin sabahı üçün peşəkar kadrlar yetişdirmək məqsədi ilə Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almalarına şərait yaradıldı. Heydər Əliyevin   fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrü keçirirdi. Azərbaycanın Keçən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlər siyasi müstəqillik yolunda mühüm təməl olmuşdur. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu. Onun ikinci hakimiyyət illərində Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qazandı. Ulu öndərin yenidən ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. 1994-cü il Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Ulu öndər "Əsrin müqaviləsi"ni bütün maneələrə baxmayaraq reallaşdıra bildi. Heydər Əliyev gözəl bilirdi ki, ölkənin müstəqillik tarixində yeni bir dövrün bünövrəsi qoyuldu. Keçən müddət ərzində Azərbaycan "Əsrin müqaviləsi"ndən geniş bəhrələndi. Ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imici tam olaraq formalaşdı. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.  1995-ci ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edildi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Ali Qanunun qəbulu Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləməsini şərtləndirdi. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv olundu. Ölkədə azad mətbuatın inkişafı istiqamətində bir-birindən əhəmiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin fərmanı əsasında 1998-ci ildə senzuranın ləğvi mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Ulu öndər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu Prezident İlham Əliyev tərəfindən sürətlə davam etdirilib. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordumuzun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Nəticədə rəşadətli Azərbaycan ordusu  2020-ci ilin Vətən müharibəsində möhtəşəm qələbə  qazanmışdır.  Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir respublika kimi tanınır və böyük perspektivlərə malik bir ölkə kimi qəbul edilir. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev məktəbinin ən layiqli davamçısı kimi onun Azərbaycan dövləti ilə bağlı yarım qalan işlərini davam etdirdi. Bu gün Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etmiş, regionun ən güclü dövlətinə çevrilmişdir. İndiki Azərbaycan xalqımızın milli və siyasi lideri Heydər Əliyevin şah əsəridir, bizlərə mirasıdır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: - “Gərək hamımız dərk edək ki, müstəqillik qazanmışıq, xalqımız azaddır, öz taleyini həll etmək imkanı var, Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir. Bunun üçün hər bir kəsdə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır.”

 

Güllü Rzayeva

Şirvan Şəhər N.Quliyev adına 9 nömrəli tam otra məktəbin direktor əvəzi                     

Keçidlər