Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasəti

08 may 2023 | 11:43

Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və  inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Ümummilli lider Heydər Əliyev  1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun - Silahlı qüvvələr gününü tarixiləşdirmişdir. Ulu Öndər Azərbaycan Ordusu haqqında çıxışlarının birində belə söyləmişdir: “Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır” Zamanın sınağından çıxan bu həqiqət özünü 44 günlük Vətən müharibəsində öz təsdiqini döyüş meydanında tapdı. Buna qədər ki, dövrdə Ulu Öndərin gələcəyə hesablanmış və böyük əmək hesabına atdığı uğurlu addımlar sayəsində Azərbaycan ordu quruculuğu sahəsində böyük nailiyyətlər əldə etdi. 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da,  Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış,  Ulu Öndər Heydər Əliyevin 1969 - cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin cəsarətli addımları sayəsində  Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi.  Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də   müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verilmiş, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qalmışdı. 1993-cü ilin yayında ümummilli lider  Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də  mühüm addımlar atılmış, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra  Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətlənmiş, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılmışdır. Böyük Öndər birmənalı şəkildə bildirdi ki, Azərbaycanda ordu quruculuğu kampaniya xarakteri daşımamalıdır. Ordu Azərbaycanın müstəqilliyinin atributudur və ona görə də ordu quruculuğu davamlı bir proses olmalıdır: “Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən güclənir. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir”. Məhz Ulu Öndərin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Ordusu müasir tələblərə cavab verəcək şəkildə yenidən quruldu və həmin ordu bu gün Azərbaycanın müstəqilliyinin,təhlükəsizliyinin və ölkəmizin geosiyasi maraqlarının qorunmasının əsas təminatçısıdır. Ulu Öndərin siyasi xəttinin  layiqli davamçısı Müzəffər Ali Baş komandan İlham Əliyevin ordu quruculuğuna böyük diqqət ayırması, peşəkar ordunun yaradılmasında gecə-gündüz çalışması nəticəsində Şanlı Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində düşməni döyüş meydanında məhv edərək ərazi bütövlüyümüzü təmin etdi. Bu gün əminliklə deyə bilərik ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilmiş, öz hərbi potensialına görə dünyanın bu sahədə ən qabaqcıl 50 ölkəsi sırasında dayanır. Bütün bunlar onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bundan sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında olduğu kimi həyata keçiriləcək. 44 günlük Vətən müharibəsindən qalib ayrılaraq şanlı Zəfər salnaməsi yazan Azərbaycan Ordusu bundan sonra da adını hərb tariximizə və bütün dünyaya güclü ordu kimi yazdıracaqdır. Müharibədən sonrakı dövrdə də ordu quruculuğunda intensiv fəaliyyət davam etdirilir.Qardaş Türkiyə ilə sıx hərbi əməkdaşlıq nəticəsində yeni komando hərbi hissələri yaradılmışdır. Ordumuzun silah arsenalı günü-gündən artırılır və baş verə biləcək bütün təhlükələrə qarşı həmişə hazır ordumuz vardır. Son günlərdə erməni separatçılarının Qarabağa qanunsuz yollarla silah-sursat daşımasına cavab olaraq Azərbaycan Ordusu tərəfindən Həkəri çayı üzərində sərhəd buraxlış məntəqəsi yaradılmış və bu barədə Ail baş komandana məruzə edilmişdir. Bu bir daha sübut edir ki , Azərbaycan əsgəri ölkəmizin suverən ərazilərinə qarşı baş verə biləcək bütün təhlükələrin qarşsını alacaq gücdədir.

 

Rəşidli Rizvan

Şirvan Şəhər 3 nömrəli tam orta məktəbin direktoru

Keçidlər