Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Liderimizin müəllifi olduğu Neft strategiyası Azərbaycanın güclü iqtisadiyyata sahib olan bir dövlətə çevrilməsini təmin etdi.

25 aprel 2023 | 09:59

Ulu Öndər həm Azərbaycana rəhbərliyinin birinci, həm də ikinci dövründə özünün zəngin idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi, xalqına, millətinə olan hədsiz sevgisi , uzaqgörən və məqsədyönlü qərarları ilə respublikamızda siyasi, sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuş, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirmiş, əlaqələrini genişləndirmişdir. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Ötən əsrin 70-80-ci illəri Azərbaycan üçün dinamik inkişafa doğru kəskin dönüş dövrü hesab olunur. Bu dövrün əsas xarakterik cəhətləri isə, respublikada Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında əsaslı quruculuq işlərinin aparılması, kənd təsərrüfatının və sənayenin inkişafının sürətləndirilməsi olmuşdur. Yaradılmış nəhəng potensial illər sonra müstəqil Azərbaycanın inkişafında önəmli rol oynamışdır. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkəni SSRİ-nin xammal istehsalçsından qabaqcıl, müasir texnologiyalara sahib olan sənaye mərkəzinə çevirməyi, kənd təsərrüfatını qaldırmağı, əhalinin sosial, mədəni və təhsil səviyyəsini yüksəltməyi öz qarşısına əsas hədəf kimi qoymuşdu. H.Əliyev cəmi 10 il ərzində qarşıya qoyulan məqsədlərə nail oldu. Azərbaycan SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrildi və eyni zamanda, gələcək müstəqil Azərbaycanın iqtisadi əsasları üçün möhkəm baza yaradıldı. 1993-cü ilin ikinci yarısına qədər respublikamız, demək olar ki, bütün sahələr üzrə uçurumun bir addımlığında idi. Ölkə iqtisadi cəhətdən məhv olmaq həddinə çatmışdı. Min bir zəhmət hesabına tikilib ərsəyə gəlmiş zavod və fabriklər, istehsal müəssisələri hakimiyyətdə olanların səriştəsizliyi, naşılığı ucbatından məhv edilirdi. Onlar hələ də dərk edə bilmirdilər ki, iqtisadiyyat bütün dövlətlərin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan dövlət heç zaman güclü, qüdrətli ola olmaz. Dövlətin inkişafı, mövqeyinin möhkəmləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılması onun iqtisadi inkişafından bilavasitə, asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanların mövcud olmasına baxmayaraq, dövlət idarəçiliyində naşı olanlar vəziyyəti getdikcə ağırlaşdırırdılar. Çox mürəkkəb iqtisadi və qeyri-sabit siyasi şəraitdə xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən, “On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın” deyən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Bu dövrdə qarşıda duran bir sıra mühüm vəzifələr, o cümlədən Azərbaycan iqtisadiyyatında islahatların aparılması, sənaye sahələrinin inkişaf etdirilməsi və bu istiqamətdə elmi əsaslandırılmış siyasətin işlənib hazırlanması öz ifadəsini yalnız 1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında imzalanmış Sazişdə tapmış oldu. Bu Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Həqiqətən də sonrakı illərdə məhz Ümummilli Liderimizin müəllifi olduğu Neft strategiyası Azərbaycanın nəticə etibarı ilə güclü iqtisadiyyata sahib olan bir dövlətə çevrilməsini təmin etdi. Bu müqavilədən sonra Azərbaycanın beynəlxalq aləmdəki iqtisadi əlaqələri gücləndi, iqtisadi qüdrəti getdikcə artdı. Daha mükəmməl addımlardan biri də sahibkarlığın inkişafına diqqət və qayğının gücləndiriməsi oldu. Ulu Öndər sahibkarlığın sürətlə inkişaf etdirilməsini ölkədə iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinin mühüm amili hesab edirdi. Ulu Öndər yaxşı bilirdi ki, bu problemlər öz həllini tapmazsa, Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz. Buna görə də o, iqtisadi böhrandan xilas olmaq üçün, vergi və sahibkarlığın inkişaf etməsi üçün ardıcıl olaraq bir sıra islahatlar keçirdi. H.Əliyev 1994-cü il iyunun 21-də respublika iqtisadiyyatının və ictimai həyatın digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki nitqində demişdi: “Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bu həm də iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni, iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir”. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı dünyanın iqtisadi gücə malik dövlətlərindən birinə çevirib. Hazırda Azərbaycan Avropanın enerji təminatında əsas ölkələrdən biridir. 2020-ci ilin noyabrında Ermənistan üzərində qazandığımız tarixi Qələbə ilə 30 illik işğala son qoyulmasının əsas səbəblərindən biri də güclü, qüdrətli iqtisadiyyata malik olmamız idi. Hazırda, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri aparılır. Azadlığına qovuşmuş ərazilərimizin böyük iqtisadi potensiala malik olması, xalqımızın, dövlətimizin gələcəyi üçün güçlü potensial təşkil etməkdədir. Azad edilmiş torpaqlarımızda düzgün iqtisadi siyasətin qurulması xalqımızın rifahına öz təsirini göstərəcəkdir.

 

Ramil Tağıyev

Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbi PHŞ- nin direktoru 

Keçidlər