Uşaq və yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə xatirə turniri keçirilib.
27 oktyabr 2022 | 21:20
25-26 Oktyabr 2022-ci il tarixlərdə Şirvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Təhsil” Respublika İdman Mərkəzinin Şirvan Şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbində 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar olaraq Şirvan şəhidlərinin xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə xatirə turniri keçirilib.
Yarışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışı giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov tennisçilərə uğurlar arzulayıb. 44 günlük Vətən müharibəsindən bəhs edərək rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdiyini qeyd edib. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyətinin xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunduğunu söyləyib. Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan olunduğunu diqqətə çatdırıb. Bu günkü yarışın da məhz “Şuşa İli” nə və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə həsr olunduğunu vurğulayıb.
Daha sonra yarışa start verilib. 2 gün davam edən yarışların sonunda qaliblər Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.
Mətbuat xidməti