Vətən müharibəsi şəhidi Amal Alışanlının anım günü qeyd edilib.
Oktyabrın 8-də şəhid Alışanlı Amal Seyfəddin oğlunun Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, müharibə iştirakçıları, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhidin xatirə guşəsi ziyarət edilərək, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğunu bildirib.
Şəhid Amal Alışanlının timsalında şəhidlərimizin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, vətənpərvər və qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb. Şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.
Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan, şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həllinin daim diqqət mərkəzində olduğundan danışıblar. Sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonra Şəhidlər Xiyabanında digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edək ki, şəhid Amal Alışanlı ailəsinin istəyi ilə Yardımlı rayonu, Qabaqdibi kənd qəbiristanlığında dəfn olunsa da, Şirvan şəhər Şəhidlər Xiyabanının qarşısında mütəmadi ziyarət olunması üçün xatirə guşəsi yaradılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Amal Alışanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə”, "İgidliyə görə", “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!