Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi baş leytenant Ruslan Rustamovun anım günü qeyd edilib.

02 oktyabr 2023 | 12:52
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olan baş leytenant Rustamov Ruslan Nüsrət oğlunun 2 oktyabr 2023-cü il tarixində xatirəsi anılıb.
Şirvan Şəhər İcra Hakimiyyəti və Hacıqabul Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Hacıqabul rayonu, Şorbaçı kəndində şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.
Şəhidin məzarı önündə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ŞİHB Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, din xadimləri şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, şəhid Rustamov Ruslanın anasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib, ailə üzvlərinə Allahdan səbir diləyiblər. Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, qəhrəman əsgər və zabitlərimizin hünərlərindən bəhs ediblər. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıblar. Şanlı Zəfəri tariximizə yazan, xalqımıza qalibiyyət sevincini yaşadan bütün əsgər və zabitlərimiz kimi Ruslanın da ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar. Şəhid baş leytenant Ruslan Rustamovun keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar. Döyüş əməliyyatlarında fədakarlıq və şücaət göstərdiyinə görə baş leytenant Rustamov Ruslan Nüsrət oğlunun dövlət başçısı tərəfindən orden və medallarla təltif edildiyini vurğulayıblar. Şəhidin 5 övladının dövlətimizə əmanət olduğunu bildiriblər və onların da ataları kimi vətənə layiqli, şərəfli övlad kimi böyümələrini arzulayıblar. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd ediblər.
Sonra şəhid Ruslan Rustamovla yanaşı uyuyan şəhid Abdulrəhmanov Şöhrət Böyükbəy oğlunun da məzarı ziyarət olunub, şəhidin ruhuna dualar oxunub, bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilənib.
Daha sonra şəhid Ruslan Rustamovun ata evində ruhuna ehsan süfrəsi hazırlanıb.
Şəhidin anası Fatmaxanım Rüstamova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər