Vətən müharibəsi şəhidi baş leytenant Ruslan Rustamovun anım günü qeyd edilib.
Oktyabrın 2-də şəhid baş leytenant Rustamov Ruslan Nüsrət oğlunun anım günü münasibətilə Hacıqabul rayonu, Şorbaçı kəndində məzarı ziyarət edilərək, xatirəsi anılıb.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, ŞİHB Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, şəhidin ailə üzvləri, müharibə iştirakçıları, idarə və müəssisələrin nümayəndələri, Şorbaçı kənd sakinləri iştirak ediblər.
Şəhidin məzarı önündə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, ŞİHB Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Torpaqlarımızın azadlığı, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən igidlərimizin, şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını vurğulayıblar.
Sonra şəhid Ruslan Rustamovla yanaşı dəfn edilən şəhid Abdulrəhmanov Şöhrət Böyükbəy oğlunun da məzarı ziyarət olunaraq, şəhidin ruhuna dualar oxunub, bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilənib.
Sonra açılan ehsan süfrəsində şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, şəhid baş leytenant Rustamov Ruslan Nüsrət oğlu 23 oktyabr 1981-ci ildə Şamaxı rayonunun Şorbaçı kəndində anadan olub. Şorbaçı kənd tam orta məktəbini bitirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. Murovdağ yüksəkliyi, Suqovuşan, Talış kəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalan şəhid Ruslan Rustamov Hacıqabul rayonu, Şorbaçı kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək, göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid baş leytenant Rustamov Ruslan Nüsrət oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!