Vətən müharibəsi şəhidi Cavid Məmmədlinin anım günü qeyd edilib.
Oktyabrın 4-də Şirvan şəhərindən olan şəhid Cavid Natiq oğlu Məmmədlinin Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhid Cavid Məmmədlinin və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğunu bildirib.
Şəhid Cavid Məmmədlinin timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, vətənpərvər və qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb. Şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.
Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan, şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həllinin daim diqqət mərkəzində olduğundan danışıblar. Sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edilib ki, Cavid Məmmədli 1999-cu il yanvarın 16-da Şirvan şəhərində dünyaya göz açıb. Şirvan şəhər 16 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində cəbhənin yarılmasında və düşmənə ağır zərbələr endirilməsində öz şücaəti ilə seçilərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Cavid Məmmədli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Tədbirdə həmçinin Birinci Qarabağ müharibəsində vətənimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Nofəl Zahid oğlu Quliyevin doğum günü münasibətilə Şəhidlər Xiyabanında məzarı ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb. Çıxış edənlər ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə ona Azərbaycanın Milli Qəhrəmanı adının verildiyini, təhsil aldığı 9 nömrəli tam orta məktəbin onun adını daşıdığını, Şirvan şəhərində büstünün qoyulduğunu diqqətə çatdırıblar.
Sonra şəhid Cavid Məmmədlinin adına açılan ehsan süfrəsində xatirəsi ehtiramla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!