Vətən müharibəsi şəhidi Əli Mənəflinin anım günü qeyd edilib.
Noyabrın 14-də şəhid Mənəfli Əli Əflan oğlunun Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailə üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları şəhidlərin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, şəhidin ailəsinə səbir diləyib, belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd və qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.
Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, xalqımızın şanlı qəhrəmanlıq tarixi olan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin başlanmasından, hərbçilərimizin dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirməsindən danışaraq, ölkəmizin bölgədə davamlı sülhün daim tərəfdarı olduğunu vurğulayıb. Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiə məsələlərinin həlli istiqamətində aparılan genişmiqyaslı işləri diqqətə çatdırıb.
Digər çıxış edənlər tarixi Zəfərimizdən, Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıq nümunələrindən qürurla bəhs ediblər. Haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar.
Qeyd edilib ki, şəhid Əli Mənəfli 2001-ci il oktyabrın 12-də Şirvan şəhərində anadan olub. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. Şirvan Peşə Liseyinin və Şirvan şəhər Musiqi Məktəbinin məzunu olub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 14 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalan şəhid Əli Mənəfli Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Əli Mənəfli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid atası Alim Zülfüqarlı şəhidlik zirvəsindən danışaraq, onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!