Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elnur Qarayevin anım günü qeyd edilib.

18 noyabr 2024 | 14:26

Noyabrın 18-də şəhid Qarayev Elnur Qalib oğlunun Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.

Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailə üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları şəhid Elnur Qarayevin və digər şəhidlərin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

Sonra çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına başsağlığı verərək səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb. 44 günlük Vətən müharibəsində güclü Xalq, güclü Dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğunu qeyd edib.

Qalib Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Daha sonra çıxış edənlər tarixi Zəfərimizdən, Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs ediblər. Haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar.

Qeyd edilib ki, şəhid Qarayev Elnur Qalib oğlu 13 noyabr 1996-ci ildə Şirvan şəhərində  anadan olub. Şirvan şəhər 1 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Xocavənd və Zəngilan istiqamətlərində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb, Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Elnur Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonra şəhidin adına açılan ehsan süfrəsində, əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər