Vətən müharibəsi şəhidi Elnur Qarayevin qardaşı Qorxmaz Qarayevin yeni doğulan övladı ziyarət edilib.
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Elnur Qarayevin qardaşı – Qorxmaz Qarayevin ailəsində oğul övladı dünyaya gəlib. Qardaşının şərəfinə körpəyə Elnur adı verilib.
Avqustun 8-də doğum evindən yola salınan şəhidimizin ailəsini və yaxınlarını Şirvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları Elvin Balayev, Aysu Ağadadaşlı, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum evinin baş həkimi Sevda Həsənova və xəstəxananın digər əməkdaşları ziyarət ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun salamlarını və xoş arzularını şəhidin ailə üzvlərinə çatdıran şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev qeyd edib ki, torpaqlarımızın azadlığı və Vətənimizin bütövlüyü uğrunda şəhid olanlar ən yüksək ehtirama layiqdir və ikinci Elnur hər birimiz üçün şəhid əmanətidir.
Ziyarət zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından danışılıb, şəhid ailələrinə, müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.
Şəhidin valideynləri və yaxınları göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyən qonaqlar sonda yeni doğulmuş körpənin valideynlərinə hədiyyələrini təqdim ediblər.
Qeyd edək ki, şəhid Elnur Qarayev Vətən müharibəsi zamanı Xocavənd və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalan şəhid Elnur Qarayev Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.






