Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elvin Şıxəliyevin anım günü qeyd edilib.

14 oktyabr 2024 | 15:35

Oktyabrın 14-də Vətən müharibəsi şəhidi Elvin Sarvan oğlu Şıxəliyevin anım günü tədbiri keçirilib.

Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə şəhid Elvin Şıxəliyevin və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.

Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər və şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin Azərbaycanın tarixində dönüş nöqtəsi kimi qeyd olunduğunu bildirib və 44 günlük Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun şücaətindən danışıb. Vurğulayıb ki, bu zəfər torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından tarixi bir hadisədir.

Qeyd edib ki, Şirvan şəhəri də daxil olmaqla ölkəmizdə şəhid ailələri və müharibə əlilləri hər zaman dövlətimizin başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində zəruri tədbirlər görülüb.

Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışıblar. Sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

Qeyd edilib ki, şəhid Elvin Şıxəliyev 1995-ci il iyunun 6-da Şirvan şəhərində dünyaya göz açıb. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi başlayan gündən ön sıralarda yer alıb, Füzuli, Cəbrayıl, Xocavənd və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 14 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə şəhid Elvin Şıxəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Sonra şəhid Elvin Şıxəliyevin adına açılan ehsan süfrəsində xatirəsi ehtiramla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər