Vətən müharibəsi şəhidi Kamran Fərəcovun anım günü qeyd edilib.
29 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Fərəcov Kamran İlqar oğlunun anım günü münasibətilə xatirəsi anılıb.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Daxili Qoşunların polkovniki Rəşadət Süleymanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Şəhid Kamran Fərəcovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb. Qalib Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Daxili Qoşunların polkovniki Rəşadət Süleymanov və digərləri tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Kamranın şücaətindən, onunla bağlı xatirələrdən, eyni zamanda şəhid ailələri və qazilərə dövlət qayğısından söz açıblar.
Daha sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edilib ki, Kamran Fərəcov 1996-ci il fevralın 14-də Şirvan şəhərində anadan olub. Şirvan şəhər 11 nömrəli tam orta məktəbi bitirib. Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmət edib. Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı Zəngilan, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 24 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. 29 oktyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Kamran Fərəcov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!