Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Kamran Fərəcovun anım günü qeyd edilib.

29 oktyabr 2024 | 16:18

Oktyabrın 29-da şəhid Kamran İlqar oğlu Fərəcovun Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.

Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə şəhid Kamran Fərəcovun və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, şəhidin ailəsinə səbir diləyib, belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Şəhid Kamran Fərəcovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.

Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan, şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həllinin daim diqqət mərkəzində olduğundan danışıblar.

Qeyd edilib ki, şəhid  Kamran Fərəcov 1996-ci il fevralın 14-də Şirvan şəhərində anadan olub. Şirvan şəhər 11 nömrəli tam orta məktəbi bitirib. Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmət edib. Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı Zəngilan, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 24 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. 29 oktyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə şəhid Kamran Fərəcov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonra Birinci Qarabağ müharibəsi şəhidi Rövşən Abdullayevin doğum günü münasibətilə xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra şəhid Kamran Fərəcovun adına açılan ehsan süfrəsində xatirəsi ehtiramla anılıb, şəhidlərin ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər