Vətən müharibəsi şəhidi Məharət Həsənovun anım günü qeyd edilib.
Oktyabrın 15-də şəhid Məharət Ramil oğlu Həsənovun Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhid Məharət Həsənovun və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğunu bildirib.
Şəhid Məharət Həsənovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, vətənpərvər və qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb. Şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.
Digər çıxış edənlər Ordumuzun Şanlı qələbəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan, şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həllinin daim diqqət mərkəzində olduğundan danışıblar. Sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edilib ki, şəhid Məharət Həsənov 1987-ci il oktyabrın 25-də Şirvan şəhərində dünyaya göz açıb. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 15 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə şəhid Məharət Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü“ və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Sonra şəhid Məharət Həsənovun adına açılan ehsan süfrəsində xatirəsi ehtiramla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!