Vətən müharibəsi şəhidi Məharət Həsənovun anım günü qeyd edilib.
Oktyabrın 15-də şəhid Məharət Ramil oğlu Həsənovun Şəhidlər xiyabanında anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev şəhər İcra Hakimiyyəti başçısının müavinləri, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhid Məharət Həsənovun və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına başsağlığı verərək səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb, tarixi Zəfərin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib.
Həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid ailəsi üzvlərinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edib, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Sonra çıxış edən Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, “Xalq” qəzetinin bölgə müxbiri Mikayıl Quliyev tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən və şəhidlərimizin qəhrəmanlıq nümunələrindən danışıblar. Bildirilib ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb.
Qeyd edək ki, şəhid Məharət Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü“ və “Cəbrayılın azad olunmasına görə”medalları ilə təltif edilib.






