Vətən müharibəsi şəhidi Namiq Xəlilovun anım günü qeyd edilib.
Oktyabrın 17-də şəhid Xəlilov Namiq İlyas oğlunun Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhid Namiq Xəlilovun və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, şəhidin ailəsinə səbir diləyib, belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Şəhid Namiq Xəlilovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çıxış edərək, bildirib ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qüdrətli Azərbaycan Ordusunun əzmkarlığı, qəhrəmanlığı və şücaəti nəticəsində 44 gün davam edən müharibə ilə tamamilə son qoyuldu.
Qeyd edib ki, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin ana xəttini sosial müdafiə tədbirləri təşkil edir. 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərdən sonra dövlət idarəçiliyində yeni mərhələ başlayıb. Vətən müharibəsi qəhrəmanlarına, onların ailə üzvlərinə və şəhid ailələrinə diqqət artıb, postmüharibə dövründə ölkə başçısının tapşırığı ilə bir çox mövcud proqramlar genişləndirilib, yeni proqramlara start verilib. Azərbaycan Respublikası nadir ölkələrdəndir ki, müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə, müharibədən əziyyət çəkən əhaliyə davamlı dəstək, xüsusi sosial müdafiə və yardım proqramları təqdim olunur.
Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan, şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həllinin daim diqqət mərkəzində olduğundan danışıblar.
Qeyd edilib ki, şəhid Namiq Xəlilov 1992-ci il iyunun 15-də Şirvan şəhərində anadan olub. Şirvan şəhər 11 nömrəli tam orta məktəbi bitirib. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Aprel döyüşlərində və Vətən müharibəsi zamanı Füzuli, Kəlbəcər, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 17 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə şəhid Namiq Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Hərbi xidmətlərə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən uğrunda”, “Şücaətə görə”, ”Füzulinin azad olunmasına görə”, ”Kəlbəcərin azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Sonra şəhid Namiq Xəlilovun adına açılan ehsan süfrəsində xatirəsi ehtiramla anılıb, şəhidlərin ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!