Vətən müharibəsi şəhidi Ramil Əliyevin anım günü qeyd edilib.
5 noyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Əliyev Ramil Vuqarəddin oğlunun anım günü münasibətilə xatirəsi anılıb.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb. Qalib Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Pərviz Rüstəmbəyov və digərləri tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, eyni zamanda şəhid ailələri və qazilərə dövlət qayğısından söz açıblar.
Sonra Birinci Qarabağ müharibəsi şəhidi Səlimov Hamlet Səlim oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib, yaxınlarına səbir arzulanıb.
Daha sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.