Vətən müharibəsi şəhidi Ramil Əliyevin anım günü qeyd edilib.
Noyabrın 5-də şəhid Ramil Vuqarəddin oğlu Əliyevin Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhid Ramil Əliyevin və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, şəhidin ailəsinə səbir diləyib, belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, igid, vətənpərvər və qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.
Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışıblar.
Qeyd edilib ki, şəhid Ramil Əliyev 1996-ci il dekabrın 6-da Hacıqabul rayonunda anadan olub. Şirvan şəhərində yerləşən Füzuli rayon 10№li tam orta məktəbi bitirib. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin və Şirvan şəhər Musiqi Məktəbinin məzunu olub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Şəhidlik zirvəsinə ucalan Ramil Əliyev 5 noyabr 2020-ci ildə Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə şəhid Ramil Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Tədbirdə həmçinin Birinci Qarabağ müharibəsi şəhidi Səlimov Hamlet Səlim oğlunun anım günü münasibətilə məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!