Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Röyal Məmmədovun anım günü qeyd edilib.

26 oktyabr 2023 | 16:29

26 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Məmmədov Röyal Misil oğlunun anım günü və ayın sonuncu cümə axşamı günü münasibətilə Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsi anılıb.

Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Şəhid Röyal Məmmədovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb. Qalib Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Röyalın şücaətindən, onunla bağlı xatirələrdən, eyni zamanda şəhid ailələri və qazilərə dövlət qayğısından söz açıblar.

Sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

Qeyd edilib ki, Röyal Məmmədov 1990-ci il oktyabrın 12-də Şamaxı rayonunun Kürdəmic kəndində anadan olub. Şirvan şəhər 13 nömrəli tam orta məktəbi bitirib. Şirvan Peşə Liseyinin məzunu olub. Vətən müharibəsi başlayan gündən ön sıralarda yer alıb. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 26 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Röyal Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı günü münasibətilə şəhid ailələri ilə görüşüb, onları narahat edən problemlərlə maraqlanıb, həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Keçidlər