Vətən müharibəsi şəhidi Röyal Məmmədovun xatirəsi anılıb.
Oktyabrın 26-da şəhid Məmmədov Röyal Misil oğlunun Şirvan şəhər Şəhidlər xiyabanında anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, regional təşkilatların, idarə və müəssisələrin əməkdaşları, Şirvan şəhərindən və Neftçala rayonundan olan şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə şəhid Röyal Məmmədovun və digər şəhidlərin məzarları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.
Tədbir zamanı çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Vətən uğrunda canından keçən şəhidlərin qəhrəmanlığının xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib. Şəhid Röyal Məmmədovun ailəsinə və yaxınlarına başsağlığı verərək səbir diləyib, Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin nümayiş etdirdiyi yüksək döyüş ruhunun, əzmkarlığın və sarsılmaz iradənin tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən qəhrəmanlarımızın əziz xatirəsi daim ehtiramla yad ediləcək, onların Vətənə sədaqəti və şücaəti gələcək nəsillər üçün örnək olacaq.
İlqar Abbasov, həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edib. Şirvan şəhərində də bu kateqoriyadan olan şəxslərin daim diqqət mərkəzində saxlanıldığını, onların müraciətlərinin araşdırılması və qarşılaşdıqları problemlərin həlli istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər Vətən müharibəsində xalqımızın göstərdiyi həmrəylikdən, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, şəhidlərimizin qəhrəmanlığından və onların əziz xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyindən söz açıblar.
Şəhid Röyal Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.






