Vətən müharibəsi şəhidi Röyal Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Oktyabrın 24-də Şəhidlər xiyabanında şəhid Məmmədov Röyal Misil oğlunun anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhid Röyal Məmmədovun və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına başsağlığı verərək səbir diləyib, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışıb. Bu zəfərin əldə olunmasında şəhidlərimizin və qazilərimizin göstərdiyi misilsiz fədakarlığı xüsusi vurğulayıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu Qələbə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.
İlqar Abbasov həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, şəhid ataları Alim Zülfüqarov, Rəhim Hüseynov Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar. Çıxışlarda bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib, şəhidlərin ailə üzvlərinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıyıdan danışılıb.
Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, şəhid Röyal Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.






