Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Şəhriyar İsmayılzadənin anım günü qeyd edilib.

10 noyabr 2024 | 13:07
Noyabrın 10-da şəhid İsmayılzadə Şəhriyar Əkbər oğlunun Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.
 
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailə üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Öncə tədbir iştirakçıları şəhidlərin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.
 
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, şəhidin ailəsinə səbir diləyib, belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, vətənpərvər və qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.
 
Digər çıxış edənlər 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, eyni zamanda şəhid ailələri və qazilərə dövlət qayğısından söz açıblar.
 
Daha sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
 
Qeyd edilib ki, şəhid Şəhriyar İsmayılzadə 1994-ci il iyulun 7-də Şirvan şəhərində anadan olub. Şirvan şəhər 12 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 8 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. 10 noyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Şəhriyar İsmayılzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər