Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Şəhriyar İsmayılzadənin anım günü qeyd edilib.

10 noyabr 2023 | 13:19

10 noyabr 2023-cü il tarixində 44 günlük Vətən müharibəsi şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun anım günü münasibətilə xatirəsi anılıb.

Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəis müavini Ənvər Zərbəliyev, “İşıq” qəzetinin baş redaktoru, şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları şəhidlərin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına dərin hüznlə başsağlığı verərək səbir diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb. 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazıldığını, bu qələbənin Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz və cəsur əsgərlərimizin canı, qanı bahasına, xalqımızın birliyi hesabına qazanıldığını qeyd edib. Vətən üçün belə gərəkli övladlar böyütdüklərinə görə şəhidlərin ailə üzvlərinə təşəkkür edib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunacağını vurğulayıb.

Qalib Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, “İşıq” qəzetinin baş redaktoru, şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov və digərləri 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, eyni zamanda şəhid ailələri və qazilərə dövlət qayğısından söz açıblar.

Daha sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

Qeyd edilib ki, Şəhriyar İsmayılzadə 1994-ci il iyulun 7-də Şirvan şəhərində anadan olub. Şirvan şəhər 12 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 8 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. 10 noyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Şəhriyar İsmayılzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Keçidlər