Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Şəmsəddin Vəliyevin anım günü qeyd edilib.

24 oktyabr 2024 | 12:40

Oktyabrın 24-də şəhid Şəmsəddin Aqil oğlu Vəliyevin Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.

Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, müharibə iştirakçıları, Şirvan şəhərinin və Sabirabad rayonunun ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə şəhid Şəmsəddin Vəliyevin və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, şəhidin ailəsinə səbir diləyib, belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Şəhid Şəmsəddin Vəliyevin timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.

Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan, şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həllinin daim diqqət mərkəzində olduğundan danışıblar.

Qeyd edilib ki, şəhid Şəmsəddin Vəliyev 2001-ci il yanvarın 22-də Sabirabad rayonunun Dadaşbəyli kəndində anadan olub. Dadaşbəyli kənd tam orta məktəbini bitirib. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolecində təhsil alıb. Müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu olub. Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 22 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə şəhid Şəmsəddin Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanının azad olunmasına görə”  medalları ilə təltif olunub.

Sonra şəhid Şəmsəddin Vəliyevin adına açılan ehsan süfrəsində xatirəsi ehtiramla anılıb, şəhidlərin ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər