Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Süleyman Bağırovun anım günü qeyd edilib.

13 noyabr 2024 | 13:45

Noyabrın 13-də şəhid Bağırov Süleyman Loğman oğlunun Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.

Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailə üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları şəhidlərin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

Çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına başsağlığı verərək səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb. 44 günlük Vətən müharibəsində güclü Xalq, güclü Dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğunu qeyd edib.

Qalib Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Digər çıxış edənlər tarixi Zəfərimizdən, Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs ediblər. Haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar.

Qeyd edilib ki, şəhid Süleyman Bağırov 1992-ci il fevralın 1-də Sabirabad rayonunun Sarxanbəyli kəndində anadan olub. Şirvan şəhər 20 nömrəli tam orta məktəbi bitirib. Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin məzunu olub. Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb, Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Süleyman Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonra Vətən müharibəsi şəhidi Qarayev Elnur Qalib oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib, din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər