Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Xəqani Məmmədovun anım günü qeyd edilib.

10 oktyabr 2023 | 14:35

10 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Xəqani Füzuli oğlu Məmmədovun anım günü tədbiri keçirilib.

Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Şəhid Xəqani Məmmədovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.

Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən böyük diqqət və qayğıdan, şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həllinin daim diqqət mərkəzində olduğundan danışıblar. Sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

Qeyd edilib ki, Xəqani Məmmədov 2002-ci il martın 30-da Şirvan şəhərində dünyaya göz açıb. Şirvan şəhərində yerləşən Zəngilan rayon 3 nömrəli tam orta məktəbi bitirib. O, hələ məktəb illərində əxlaqı, mədəni davranışı, düşüncələri ilə seçilib. Vətən müharibəsi başlayan gündən ön sıralarda yer alıb. Vətən müharibəsi zamanı Suqovuşan və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 10 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Xəqani Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə”  medalları ilə təltif edilib.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Keçidlər