Vətən müharibəsi şəhidi Xəqani Məmmədovun anım günü qeyd edilib.
Oktyabrın 10-da Vətən müharibəsi şəhidi Xəqani Füzuli oğlu Məmmədovun anım günü tədbiri keçirilib.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhid Xəqani Məmmədovun və digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər və şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin Azərbaycanın tarixində dönüş nöqtəsi kimi qeyd olunduğunu bildirib və 44 günlük Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun şücaətindən danışıb. Vurğulayıb ki, bu zəfər torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından tarixi bir hadisədir.
Qeyd edib ki, Şirvan şəhəri də daxil olmaqla ölkəmizdə şəhid ailələri və müharibə əlilləri hər zaman dövlətimizin başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində zəruri tədbirlər görülüb.
Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışıblar. Sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edilib ki, Xəqani Məmmədov 2002-ci il martın 30-da Şirvan şəhərində dünyaya göz açıb. Şirvan şəhərində yerləşən Zəngilan rayon 3 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi başlayan gündən ön sıralarda yer alıb. Vətən müharibəsi zamanı Suqovuşan və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 10 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Xəqani Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Sonra şəhid Xəqani Məmmədovun adına açılan ehsan süfrəsində xatirəsi ehtiramla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!