Vətən müharibəsi şəhidi Xəqani Məmmədovun xatirəsi anılıb.
Oktyabrın 10-da şəhid Xəqani Füzuli oğlu Məmmədovun Şəhidlər Xiyabanında anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, regional təşkilatların, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə şəhid Xəqani Məmmədovun və digər şəhidlərin məzarları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailə üzvlərinə və doğmalarına dərin hüznlə başsağlığı verərək səbir arzulayıb, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətindən, Vətən müharibəsi zamanı hərbçilərimizin nümayiş etdirdiyi qəhrəmanlıq, şücaət və fədakarlıqdan söz açıb. Bildirib ki, Azərbaycanın tarixi Zəfərinin qazanılmasında canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad olunacaq və onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq.
İlqar Abbasov, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edib. Şirvan şəhərində də şəhid ailələri və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşıldığını, onların müraciət və problemlərinin həlli istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər Vətən müharibəsində xalqımızın göstərdiyi həmrəylikdən, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, şəhidlərimizin qəhrəmanlığından və onların əziz xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyindən söz açıblar.
Daha sonra Şəhidlər Xiyabanında dəfn olunan digər şəhidlərin məzarları ziyarət edilib, onların əziz xatirəsi ehtiramla yad olunaraq məzarları üzərinə gül dəstələri düzülüb.
Şəhid Xəqani Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.






