Vətən müharibəsi şəhidi Yusif Cəfərovun anım günü qeyd edilib.
4 noyabr 2023-cü il tarixində 44 günlük Vətən müharibəsi şəhidi Cəfərov Yusif Mübariz oğlunun anım günü münasibətilə xatirəsi anılıb.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları şəhidlərin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərin doğmalarına dərin hüznlə başsağlığı verərək səbir diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatı bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib. Vətən üçün belə gərəkli övladlar böyütdüklərinə görə şəhidlərin ailə üzvlərinə təşəkkür edib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunacağını vurğulayıb.
Qalib Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov və digərləri tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, eyni zamanda şəhid ailələri və qazilərə dövlət qayğısından söz açıblar.
Daha sonra Birinci Qarabağ müharibəsi şəhidi Tağıyev Malik Sadiq oğlunun anım günü münasibətilə məzarı ziyarət edilib, din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!